Ekber GOŞALI

Tarih: 24.02.2025 22:39

PAK CAN QARDAŞLIĞI…

Facebook Twitter Linked-in

Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana indiki dövlət səfəri qürurverici, inamaşılayıcı, gələcək vədedici anlamlar daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələrin mövcud durumu və gələcəyi - inkişaf perspektivləri müzakirə olunub. Hər iki lider iqtisadi, siyasi və mədəni sahələrdə işbirliyinin daha da genişləndirilməsi yönündə iradələrini ifadə edib. İndiyədək keçilmiş yol - mübarəkdir; mövcud durum - qürurvericidir; gələcək - daha üstün olmalı!..

Azərbaycan və Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq, sarsılmaz qardaşlıq bağları, qarşılıqlı sayğı və güvənə əsaslanaraq, gələcəkdə də müxtəlif sahələrdə inkişaf edərək, yüksəlişə davam edəcəkdir.

Bu gün( 24.02.2025-ci ildə) Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif birgə mətbuat konfransı keçirib. Liderlər öz çıxışlarında Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyəsini məmnunluqla vurğulayaraq, müxtəlif sahələrdə işbirliyinin genişləndirilməsi yönündə atılan addımlardan söz açıb.

Prezident Əliyev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanla ölkəmiz arasında mövcud olan qardaşlıq bağlarının önəmini vurğulayıb. O, siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə işbirliyinin uğurla inkişaf etdiyini bildirib. Özəlliklə, enerji sektorunda birgə layihələrin həyata keçirilməsi və ticarət dövriyyəsinin artırılması yönündə görülən işlərdən danışan Prezident, həmçinin, Pakistanın Azərbaycanın haqq işinə daimi dəstəyinin yüksək dəyərə malik olduğunu bildirib.

Baş nazir Şərif isə öz çıxışında Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə dayandığını vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir daha təsdiqləyib. Baş nazir həmçinin, iqtisadi işbirliyinin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. O, Pakistanın Azərbaycanla hərbi və müdafiə sahələrində də işbirliyini dərinləşdirmək niyyətində olduğunu ifadə edib. Bəli, hələ istifadə edilməmiş yaxud yetərincə istifadə edilməmiş potensial vardır. Potensial - imkan, güc və ruhi iradə!

Hər iki lider həmçinin, uluslararası qurum, quruluşlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdiriləcəyini və bölgəsəl təhlükəsizlik məsələlərində birgə fəaliyyətin vacibliyini vurğulayıb. 
Əlbəttə, bu görüş ilk görüş olmadığı kimi, son görüş də olmayacaq. Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə işbirliyinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da konkret addımların atılacağı şübhəsizdir.

Şükranlıq vurğuları:

Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra, 1991-ci ildə, Pakistanın bizim müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olması, iki respublika arasında sıx bağların başlanğıcı sayılır. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Pakistanın o vaxtkı Baş naziri Bənazir Bhutto ilə keçirdiyi görüşdən sonra ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ildə Pakistan Prezidenti Faruk Əhməd Xan Leqarinin Bakıya rəsmi səfəri və 1996-cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynayıb. O illərin canlı tanıqları çox yaxşı bilir: həmin qarşılıqlı səfərlər o illərdə bizimçün böyük önəm daşıyırdı; bu gün o səfərlər bir irs kimi dəyərlidir, istinadgahdır; indiki səfər, qardaşlığımızın indiki səviyyəsi, səciyyəsi bütün dönəmlərdəki əcdadlarımızın ruhunu şad edir.

Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Onun Pakistana səfərləri, o cümlədən ötən ilin iyulundakı möhtəşəm dövlət səfəri, eləcə də Pakistan Prezidenti və Baş nazirlərinin müxtəlif illərdə Azərbaycana rəsmi səfərləri ikitərəfli bağların daha da güclənməsinə töhfə verib. Özəlliklə, on il öncə - 2015-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əlaqələrin inkişafında önəmli addım olub. Biz bu strateji tərəfdaşlıq haqqını 44 günlük müharibədə bütün dərinliyi və geniş üfüqü ilə gördük, yaşadıq!

Azərbaycan və Pakistan arasında iqtisadi sahədə işbirliyi ayrı bir özəllikə diqqət çəkir. Ticarət dövriyyəsinin artırılması, enerji sektorunda birgə layihələrin həyata keçirilməsi və yatırım imkanlarının araşdırılması yönündə addımlar atılıb. Hər iki ölkə iş adamları üçün biznes forumlar və sərgilər təşkil edərək, iqtisadi bağların genişlənməsinə münbit ortam yaradıb. Siyasi iradə var, münbit ortam var, bilavasitə və ruhi təlabat var; o zaman imkanlar daha geniş meydana çıxmalı, dosta qürur yaşatmalıdır; dost ola bilməyənlərsə özləri bilər…

Azərbaycan və Pakistan arasında sıx işbirliyindən danışarkən yada düşən ən ilk əməli çalışma sahələrindən biri, əlbəttə, hərbi sahədədir. - Müdafiə sənayesi, hərbi təlimlər və təcrübə mübadiləsi yönlərində birgə fəaliyyətlər həyata keçirilib. Hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edən işbirliyi bu gün davam və inkişafdadır, sabah isə daha da üstün olmağı haqq edir.
“Bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq”. - Azərbaycan Prezidentinin sözləridir.

Azərbaycan və Pakistan arasında bağlar mədəniyyət, təhsil sahələrində də inkişaf etməkdədir. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və sərgilər vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri getdikcə daha da möhkəmlənir.
“Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq”. - Baş nazir Şərifin sözüdür!

PAK VƏ UCA
CAN QARDAŞLIĞIMIZ VAR OLSUN!

 


Orjinal Köşe Yazısına Git
— KÖŞE YAZISI SONU —